Dələduzluqda təqsirləndirilən sabiq polis rəisinin həyat yoldaşı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə L.Əkbərovanın qayınanası Nigar Əkbərova ifadə verib. O, ifadəsində bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyir. Şahid qismində dindirilən N. Əkbərova zərərçəkən Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatı olmadığını deyib. O qeyd edib ki, həmin vaxt Almaniyada olmayıb və telefonları da da sönülü olub. Zərərçəkən Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatordan sorğu verilərək alınan məktubu məhkəməyə təqdim edib.
Məktubda qeyd olunub ki, N. Əkbərova Almaniyada olarkən oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb. N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu deyib: "Ola bilər universitetle bağlı nəsə soruşub, amma düzəltmə ilə bağlı olmayıb".
N.Əkbərova hakimin sualına cavab olaraq bildirib ki, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamayıb.
Məhkəmə yanvarın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Leyla Əkbərova külli miqdarda dələduzluqda təqsirləndirilib. İş üzrə ümümi ziyan 116 min manatdır. Leyla Əkbərovanın həyat M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olub. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.