Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. .Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə V. Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 17 yaşlı Vüqar Yunisov keçən ilin mayın 6-da sabiq polis əməkdaşı Vahid Əhmədovu bıçaqlayaraq öldürüb. Qətl keçən il Yasamal rayonu 11-ci Xrebtovı küçəsində yerləşən 105 saylı evdə qeydə alınıb.
Vahid Əhmədovun meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib.
Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. V. Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxıb və həmin evdə tək yaşayırmış.
Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vüqar Yunusov tərəfindən törədilməsi müəyyən edilib və o, həbs edilib. V.Yunisov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.