Bu gün Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib. Şahid qismində ifadə verən Mustafa Nurullayev Quba rayonunun sabiq icra başçısı Rauf Həbibovun çıxışını “youtube” sosial şəbəkəsinə yüklədiyini etiraf edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən heç kim ona bu barədə göstəriş verməyib.
Bu gün həmçinin Quba rayon icra hakimiyyətinin çıxışı barədə ekspertizanın rəyi açıqlanıb. Rəydə sosial şəbəkələrdə yayılan videonun Rauf Həbibovun ümumi çıxışından montaj olunaraq çıxarıldığı bildirilir. Videonun həmin hissəsində isə heç bir dəyişiklik olunmadığı bildirilib.
Proses sabah davam etdiriləcək.
Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə CM-in 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.
Ötən il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.