Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq), 182-ci (mənimsəmə), 194-cü (çirkli pulların yuyulması), 210-cu (saxta sənəd), 332-ci (vəzifə səlahiyətlərindən sui istifadə) 341-ci (saxtakarlıq) və 342-ci (tutduğu vəzifəyə yararsızlıq) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Kibar Xalvaşi tutulub. Məsələ ilə bağlı müvafiq iş aparılır.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, K.Xalvaşi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okuraşvilinin yaxın dostu və biznes şəriki olub. O, “Priza”, “Arti Group”, “İnternational Building Company” kimi şirkətlərin sahibidir. Gürcüstanın məşhur “Rustavi - 2” telekanalının səhmlərinin 51 faizinin sahibi də odur.
Xalvaşinin şirkətləri Gürcüstanın Qori və Senaki şəhərlərində hərbi şəhərciklərin tikintisi zamanı külli-miqdarda mənimsəmə və korrupsiyaya yol verdiyinə görə, o, həbs edilmişdi. Bundan az sonra həbsdən azad edilmişdi və o, Azərbaycana gəlmişdi.
Qeyd edək ki, eks-nazir İrakli Okuraşvilinin Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili ilə münasibətləri sonradan pozulub və İ.Okuraşvili istefaya göndərilib. Bundan sonra Gürcüstanda Okuraşvili və onun şəriki olan K.Xalvaşinin fəaliyyətində çoxsaylı nöqsanlar aşkarlanıb, cinayət işləri başlanıb.