Rüşvətdə ittiham olunan müstəntiq ifadə verdi
18 iyun 2019 14:25 (UTC +04:00)

Rüşvətdə ittiham olunan müstəntiq ifadə verdi

0
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Sumqayıt Şəhər Polis İdarəsinin keçmiş müstəntiqi Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi ifadə verən Məhbubə Məmmədova deyib ki, həbsdə olan oğlunun azadlığa buraxılması üçün Bəhruz Quliyevə 5 min manat verib.
 
Digər zərərçəkən Dəyanət Əliyev isə bildirib ki, həbs edilən qardaşının cinayət işindən ötrü müstəntiq 15 min manat istəsə də, ona 7 min manat verib. 
 
Cinayət işində zərərçəkən kimi tanınan Telman Əliyev də oğlunun cinayət işinə xitam verilməsi üçün keçmiş müstəntiqə 3 dəfəyə 5 min manat verdiyini deyib. 
 
Zərərçəkən Elvin Novruzov isə bildirib ki, hərbi xidmətdən qayıdandan sonra polisə işə düzəlmək istəyib. B.Quliyev ona polis orqanlarına düzəldəcəyini vəd edib və 6 500 manatını alıb.
 
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pulların hamısını o mənimsəməyib: "Əlimdə sübut yoxdur. Ona görə də həmin adamın adını çəkə bilmirəm".
 
Məhkəmə prosesi iyunun 19-da davam etdiriləcək.
 
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyev Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (Külli-miqdarda dələduzluq) maddələri ilə ittiham edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar