Rusiyanın Kirov vilayətində azərbaycanlını televizorun elektrik naqili ilə boğublar. Kotelniç şəhərindəki yataqxanalardan birində 34 yaşlı şəxs 50 yaşlı azərbaycanlı dostu ilə spirtli içki qəbul edərkən aralarında münaqişə baş verib. Yerli sakin azərbaycanlıya yaxınlaşıb və üzünə bir yumruq vurub. Daha sonra yan otaqdan götürdüyü televizorun naqili ilə onu boğaraq öldürüb. Rusiya İstintaq Komitəsinin Kirov vilayəti üzrə İstintaq İdarəsinin verdiyi məlumata görə, qətli törədən şəxs barəsində cinayət işi başlanıbb.
APA TV-nin xəbərinə görə, azərbaycanlının iştirak etdiyi daha bir münaqişə isə Voronejdə baş verib. Mayın 10-da axşam saatlarında Liski şəhərində bir qrup yerli sakinlə azərbaycanlılardan ibarət qrup arasında dava olub. Məlum olub ki, davaya səbəb onlar arasında daha əvvəldən baş vermiş münaqişədir.
Münaqişə nəticəsində azərbaycanlılardan biri döş qəfəsindən bıçaq zərbəsi alıb. Onun yoldaşları cavab olaraq qarşı tərəfə travmatik silahdan atəş açıblar. Hər iki tərəfdən yaralananlar Liski şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı sağlamlığa qəsdlə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.