Bu gün tanınmış müğənni Röyanın fanatı, gənc yaşında xəstəlikdən vəfat etmiş Xəyal Nuriyevin meyitinin dəfn olunduğu yerdən çıxarılması və yerinin satılması ilə bağlı KİV-də məlumatlar yayılıb. Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin, müğənni Röyanın və digər aidiyyatı qurumların reaksiyası özünü çox gözlətməyib. Araşdırmalar nəticəsində məlum olub ki, Xəyal Nuriyevin meyitinin dəfn edildiyi yerdən çıxarılması iddiası təsdiqini tapmayıb və bunun bir anlaşmazlıq olduğu müəyyənləşib.
Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, bu gün X.Nuriyevin dəfn edildiyi Qurd Qapısı adı ilə tanınan qəbiristanlığın müdiri, idarənin baş mühəndisi və digərləri ərazidə olub: “Məlum olub ki, X.Nuriyev dəfn ediləndən bir müddət sonra onun qəbrinin yaxınlığında başqa bir vətəndaş basdırılıb. X.Nuriyevin dostları sonradan baş daşı düzəltrirərək gətiriblər. Lakin onlar qəbiri səhv salıblar və baş daşını yaxınlıqda dəfn edilmiş şəxsin məzarı üstünə qoyublar. Müəyyən vaxt keçdikdən sonra həmin şəxsin yaxınları qəbri ziyarət etməyə gələndə gözlənilməz vəziyyətlə üzləşiblər. Onlar görüblər ki, dünyasını dəyişmiş əzizlərinin yerində X.Nuriyevin baş daşı qoyulub və dərhal qəbiristanlıq müdiriyyətinə müraciət ediblər”.
Müdiriyyətin də iştirakı ilə X.Nuriyevin baş daşı başqasının məzarı üzərindən götürülüb və öz yerinə qoyulub. Bu günlərdə gənc yaşında vəfat etmiş Röya fanatının məzarını ziyarətə gələn dostları isə onun baş daşının yerinin dəyişdirilməsini görüncə təşviş keçiriblər və belə bir vəziyyət yaranıb.
Əhaliyə Vətəndaşlıq Xidməti Tresti baş vermiş olayı dünyasını dəyişmiş X.Nuriyevin dostlarının məsuliyyətsizliyi kimi qiymətləndirib.