Bir neçə gün əvvəl dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun atası Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
APA-nın məlumatına görə, jurnalistin atası Həbubulla Mirqədirov ölkə başçısına ünvanladığı məktubda yeganə oğlunun həbsindən sarsıntı keçirdiyini qeyd edib, onun həbsdən azad edilməsini xahiş edib: “Möhtərəm Prezident, oğlum dövlətini, vətənini, millətini sevən insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm.
Möhtərəm Prezident, demirəm ki, Raufun səhvləri yoxdur, çox olub ki, yazılarında səhv hesab etdiklərimizi mən də, anası da ona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəm Prezident, uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufun niyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa, mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam.
Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm, bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizi oğlumuza qovuşdurun. Ümidimiz sizədir!”