Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə bildirilib ki, ilkin qərardan şikayəti vermə müddəti bitmədiyi üçün proses təxirə salınıb.
Təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev müdafiə etdiyi şəxslə məsləhətləşdikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti verə biləcəklərini qeyd edib.
Məhkəmə prosesi martın 16- a qalıb.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.