Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirib.
Lent.az-ın DİN Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir bildirmişdir ki, daxili işlər orqanlarının mühüm xidmət sahəsi olan yol polisinin üzərinə düşən əsas vəzifələrdən biri yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qoruması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq il ərzində baş vermiş ağır yol-nəqliyyat hadisələrində ölənlərin sayının artması ciddi narahatlıq doğurur.
Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov geniş məruzə ilə çıxış edərək DYP əməkdaşları tərəfindən ümumilikdə il ərzində 1milyon 21 mindən çox yol hərəkəti qaydalarının pozulması, o cümlədən sürət həddinin aşılması üzrə 133.197, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 29.466, ötmə qaydalarının pozulması üzrə 23.101, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17.912, sərnişindaşıma qaydalarının pozulması üzrə 5.014 fakt aşkar edildiyini bildirmişdir. Lakin bunlara baxmayaraq ötən il respublikanın avtomobil yollarında 2892 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1168 nəfər həlak olmuş, 2997 nəfər isə yaralanmışdır. Qeyd olunmuşdur ki, ötən il respublikada nəqliyyat vasitələrinin sayı 103 min artsa da baş vermiş yol-nəqliyyat hadisələrinin sayı əvvəlki illə müqayisədə cəmi 2 fakt, həlak olanların sayı 152 nəfər artmış, yaralananların sayı isə 34 nəfər azalmışdır.
Məruzəçi demişdir ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 86,3%-i (2496) sürücülərin qayda pozmaları, o cümlədən 30,2%-i (874) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,1%-i (757) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,3%-i (242) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,3%-i (96) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Qəzaların 36,8%-ni (1065) piyadaların vurulması təşkil etmiş, nəticədə 393 piyada həlak olmuş, 749-u yaralanmışdır.
Müşavirədə çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin diqqətini Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam”ına yönəltmiş və Sərəncamdan irəli gələn vəzifələrin diqqətlə öyrənilməsini və icrasını tələb edib.