Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib. Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər orqanlarında xidmətə qəbul üçün respublikanın müxtəlif şəhər və rayonlarından olan 134 nəfər müraciət edib və onlardan müəyyən olunan tələblərə cavab verən 55 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, imtahanlarda 100 mümkün baldan 65 və daha çoxunu toplayan 33 gənc sınaqdan uğurla çıxıb. İmtahanları müvəffəqiyyətlə verən həmin gənclərin xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər.
Tədbiri R.Usubov giriş sözü ilə açıb. Daha sonra DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə məlumat verib.
Nazir, general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. O, gənc əməkdaşlara xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib