Avqustun 20-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-ıa verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir Ramil Usubov bildirib ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr daxili işlər orqanlarında da uğurla həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin isə 51 faizini gənclər təşkil edir. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, təkcə bu ilin ötən dövrü ərzində 1084 nəfər gənc, polis sıralarına qəbul edilərək işlə təmin edilmişlər. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc, polis kimi şərəfli və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaq.
Daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan gənc əməkdaşlar adından çıxış edən polis kiçik serjantı Səid Əliyev onlara göstərilən böyük etimada görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmiş, vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, ali diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz verib. O qeyd edib ki, Azərbaycan gəncliyi, Azərbaycan Polisi ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hər an hazırdır.