Bu gün Xaçmaz Rayon Məhkəməsində ötən il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 6 nəfərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən şəxslərdən “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın baş redaktoru Zaur Quliyev 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmənin hökmü ilə Quba şəhər Bələdiyyəsinin sabiq sədri Elxan Əliyev 5 il, Zakir Məmmədovu 4 il, Gülağa Əliyevi 2 il 6 ay, Muxtar Ələkbərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Quba şəhər Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin 6 il, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqovun və televiziyanın baş redaktoru Zaur Quliyevin 4 il 6 ay, Zakir Məmmədovun 5 il, Gülağa Əliyevin 3 il, Muxtar Ələkbərovun isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə CM-in 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.
Ötən il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.