Azərbaycan Hökuməti və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclərin təşəbbüsləri” adı altında gənclər arasında qısametrajlı sosial filmlər müsabiqəsi keçirir. Lent.az-ın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini uşaq və gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər.
Festival-müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial filmlər aşağıdakı istiqamətlərdən birini və ya bir neçəsini əhatə etməlidir:
- Gənclər öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı;
- Həssas və təcrid edilmiş qruplardan olan gənclərin sosial inteqrasiyası;
- Sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin (siqaretçəkmə, narkomaniya, İİV/QİÇS-lə bağlı riskli davranışlar) profilaktikası;
- Uşaq hüquqlarının müdafiəsi və uşaq və gənclərin bu sahədə maarifləndirilməsi;
- Erkən nikahın gənc qadınların təhsilinə və sağlamlığına mənfi təsirləri;
- Zorakılığın bütün formalarına qarşı mübarizənin aparılması;
- Ətraf mühitin mühafizəsində gənclərin rolu.
Festival-müsabiqəyə ağ-qara və yaxud rəngli formatda 10-20 dəqiqə arası çəkilmiş və DVD diskə köçürülmüş filmlər təqdim olunmalıdır. Qısametrajlı sosial filmlər bədii, sənədli və animasiya janrında çəkilə bilər. Festival-müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilmə meyarları aşağıdakı kimi olacaq:
- işlərin bədii səviyyəsi və keyfiyyəti;
- müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini və ya bir neçəsini özündə əks etdirməsi;
ideyanın orijinallığı;
- savadlı kompozisiya həlli;
- müəlliflərin yaradıcı yanaşması;
- işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması;
- qısametrajlı filmlər əvvəllər heç yerdə nümayiş olunmamalıdır.
Xatırladaq ki, Festival-müsabiqə üzrə I yerə layiq görülmüş müəllif 2500 manat, II yer - 1500 manat, III yer - 1000 manat məbləğində pul mükafatı və diplomlarla təltif olunacaqlar. Bununla yanaşı I yerə layiq görülmüş müəllifə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən xüsusi mükafat təqdim olunacaq. Qalib gələn 3 (üç) qısametrajlı sosial film UNİCEF-in saytında yerləşdiriləcək, internet resurslardan və sosial şəbəkələrdən istifadə olunaraq təbliğ olunacaq.
Qeyd edək ki, Festival-müsabiqədə iştirak edənlər hazırladığı qısametrajlı sosial filmləri və doldurulmuş iştirakçının müraciət vərəqəsini 10 aprel 2013-cü il tarixədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim etməlidir.