Azərbaycanda baş verən yol qəzasında həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən İsmiyev Elbəy Ədalət oğlu orada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.
Baş vermiş qəza hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Daxili Qoşunların hərbçisi Seymur Əliyevin idarə etdiyi “RAF” markalı maşın qəzaya uğrayıb. Nəticədə sürücü və maşında olan Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova APA-ya açıqlamasında bildirib ki, qəzaya uğrayan “RAF” markalı maşın ölən hərbçilərdən birinə məxsus olub: “Həmin maşın hərbi maşın olmayıb”.
T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: “Qəza hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər olub və nəticədə onlardan hadisə yerində 4-ü dünyasını dəyişib. Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər”.