Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Fizuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Qaytaranovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Rəşad Qaytaranovun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilib. Müalicəsi başa çatdıqdan sonra Rəşad Qaytaranovun cinayət işinə yenidən baxılacaq.
Qeyd edək ki, keçən ilin avqustun 8-də Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib. Hadisəni törətməkdə təqsirli bilinən Rəşad Qaytaranov isə tutulub. İttihama görə, Rəşad Qaytaranov xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib. Bu məqsədlə avqust ayının 8-də axşam saatlarında Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarmayıb. Onun cinayəti törədərkən anlaqsız olması nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Məhkəmənin qərarından Baş prokurorluq narazı qalıb və Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılması ilə bağlı apelyasiya protesti verilib. Prokurorluq Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılmasını tələb edib.