Bu gün Bakı Apellyasiya məhkəməsində Nazpəri Dostəliyeva ilə İlhamə Quliyevanın bir-birinə qarşı qaldırdıqları iddia üzrə apellyasiya şikayətlərinə baxılıb. Bu barədə Lent.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva deyib: “Bu gün Bakı apellyasiya məhkəməsində Nazpəri Dostəliyevanın apellyasiya şikayətinə baxıldı və iddia hakim Həsənov Vüqar tərəfindən rədd edilib. Bununla da məlum olub ki, Nəsimi rayon məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılır”.
Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu söyləyib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə görə 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib.
İ. Quliyeva da apellyasiya şikayəti verərək, həmin məbləğin artırılmasını istəyib.