“Əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı xəbəri oxudum. Hələ də özümə gələ bilmirəm. Ceyhunla bərabər onun anasını, kiçik yaşlarında atasını itirən oğlunu min bir çətinliklə böyüdən o ananı düşündüm və xəbəri olmasa da, onunla bərabər ağladım. Sabah mütləq ona baş çəkəcəm. Əsgər Ceyhun Qubatovun ölümündə günahkarların hamısının təcili olaraq ədalət qarşısında cavab verməlidirlər”.
Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşeyeva “facebook” sosial şəbəkəsində əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı bildirib.
Millət vəkili Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırıldığını qeyd edib: “Biz hamımız günahkarların sərt şəkildə cəzalandırılmasını gözləyirik. Hadisə baş verən hərbi hissənin rəhbərliyi nəiniki tutduqları vəzifədən kənarlarşırılmalıdır, qanunlar qarşısında cavab verməlidir. Cəmi 3 ayın əsgəri olan gənc bir qardaşımızın bu cür ölümü hamımızı ciddi narahat edir. Eyni zamanda ilkin ekispertiza rəyi ilə meyitin foto və video görüntüləri arasındakı fərqlər də ciddi narahatlıq yaradır. Cəmiyyət qısa zamanda istintaqdan bu suallara cavab, günahkarların ciddi şəkildə cəzalandırılmasını gözləyir. Bütün bunlar Ceyhunu geri gətirməsə də orduda bu kimi halların artmaması üçün vacib faktordur. Allah Ceyhuna rəhmət etsin, onun ölümündə günahkarlara isə lənət olsun! Onlar hər kəsin gözü qarşısında layiq olduqları cəzanı almalıdırlar! Ceyhunun anasına, yaxınlarına isə demək istəyirəm ki, biz hamımız onların acısını bölüşürük və günahkarların layiqli cəzalarını alması üçün onların yanındayıq. Allah əsgərimizə rəhmət etsin!”