Millət vəkili Qənirə Paşayeva Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi ilə Xocalı Soyqırımı və Qarabağ həqiqətlərindən danışıb.
Millət vəkili Qənirə Paşayeva “Qadınlar siyasi və sosial həyatda” II Beynəlxalq Gender simpoziumu çərçivəsində Əfqanıstan parlamentinin üzvü xanım Brişna Rabi ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə Əfqanıstan millət vəkilinə geniş məlumat verib.
Q. Paşayeva bildirib ki, özəlliklə bu gün birlikdə iştirak etdikləri Beynəlxalq Qadın Konfrans və Simpoziumları da daxil olmaqla bütün beynəlxalq platformalarda bu məsələlərdə Əfqanıstanlı həmkarlarından daha da sıx dəstək gözləyirlər və qarşılıqlı olaraq bu cür dəstəklərin artması çox vacibdir.
Brişna Rabi “Qadınlar siyasi və sosial həyatda” II Beynəlxalq Gender simpoziumu çərçivəsində və Giresun Universiterində tədbir çərçivəsində millət vəkilinin Şuşanın işğalı, Xocalı Soyqırımı, özəlliklə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə Ermənistanın imkan verməməsi ilə bağlı çıxış və fikirlərini dinlədiyini və çox üzüldüyünü deyərək bu həqiqətlərin daha da geniş yayılmasına ciddi ehtiyac olduğunu və bu məsələlərdə hər zaman Azərbaycanın yanında olmağa hazır olduğunu deyib.