Qanunsuz mobil telefonların ölkəyə gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Mustafayev Musa Mustafa oğlunun idarə etdiyi “VAZ 21013” markalı, 08-BA-582 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun müxtəlif hissələrində və yük yerində gömrük nəzarətindən gizlədilən “Canon” markalı 3 ədəd fotoaparat, “Canon” və “Nikon” fotoaparatlarına aid 2 ədəd linza, 3 adda, ümumilikdə 11 ədəd mobil telefonlar, 1 ədəd planşet və 3 ədəd “Apple watch” markalı rəqəmsal qol saatı aşkar olunaraq götürülüb. Gömrük nəzarətindən gizlədilən malların həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Gürcüstan Respublikasının vətəndaşı Mamedov Tural Almaz oğluna məxsus olduğu müəyyənləşdirilib.
Balakən Gömrük İdarəsinin “Маzımçay” gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Bodurov Akif Kamil oğlunun idarə etdiyi “Mercedes-Benz E-220 CDİ” markalı, 90-FG-236 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından gömrük nəzarətindən gizlədilən 5 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı DGK İstintaq İdarəsində araşdırma aparılır.