Gənclər və İdman Nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı açıq loqotip müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak üçün bir sıra əsas şərtlər irəli sürülüb.
Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər. Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Təqdim olunan işlər və ərizə forması fevralın 23-dək elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə göndərilməlidir. Mükafat fonduna gəldikdə, qalib 5000 manat, II yer 3000 manat, III yer isə 2000 manat qazanacaq.
Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.