Bakı Apelyasiya Məhkəməsində Bakı sakini Şamil Gülmətovun cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şamil Gülmətovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, bu il aprelin 22-də Şamil Gülmətov Xətai rayonunda fərdi qaydada təmir etdikləri mənzildə olarkən iş yoldaşı Iqor Tkacovun iradlarına cavab olaraq öz əşyalarını yığıb, onlarla birlikdə bir daha işləməyəcəyini deyərək çıxıb gedib.
O gedəndən bir müddət sonra Iqor Tkacov digər yoldaşı İmamverdi Kərimovla nahar etməyə hazırlaşanda paltarlarının ciblərindəki pulların olmamasını müəyyən ediblər. Pulların Şamil tərəfindən götürüldüyünü düşündükləri üçün Gülmətovla əlaqə saxlasalar d, sonuncu mobil telefona cavab verməyib.
Səhərisi gün İmamverdinin zənginə cavab verəndə, iş yoldaşı Şamili oğurluqda ittiham edib, lakin sonuncu bunu böhtan adlandırıb və onu söyərək, görüşə çağırıb. Bıçaq götürən Gülmətov Əhmədli qəsəbəsinə gəlib, onlar M.Hadi küçəsi, 187 ünvanda fəaliyyət göstərən “Faxralı” kafesində görüşüblər.
Nəticədə şəxsi münasibətlərin aydınlaşdırılması zəminində Şamil İmamverdiyə bıçaq xəsarətləri yetirib və hadisə yerini tərk edib. 3 saylı kliniki xəstəxanaya çatdırılan zərərçəkənin həyatı xilas edilib. Həmin gün Gülmətov Xətai rayon Polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Şamil Gülmətov Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuli qanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Gülmətov 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Şamil Gülmətov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.