Kişinyovda Moldova Respublikasının prezidenti İqor Dodon ölkədə yaşayan milli azlıqların ictimai təşkilatlarının nümayəndələriylə görüş keçirib.
Lent.az-ın məlumatına görə, görüşdə Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov və təşkilatın fəal üzlərinden biri olan Muharib Allahverdiyev də iştirak ediblər.
Görüş zamanı ölkənin iqtisadi və siyasi durumu, o cümlədən bununla bağlı ölkənin etnik vətəndaşlarının təşəbbüsləri müzakirə olunub. Prezident Dodon bildirib ki, bütün sahələr üzrə etnik xalqların təşəbbüslərinə baxılacaq və təklifləri nəzərə alınacaq.
Görüşdə Moldova prezidenti İqor Dodon ölkədəki milli azlıqların bir sıra ictimai assosiasiyalarına Moldova Respublikası Prezidentinin Fəxri Diplomunu təqdim edib. Mükafat Moldova Respublikasında millətlərarası münasibətlərin harmoniyalaşdırılması istiqamətində dövlət siyasətinin tətbiqindəki xidmətlərə, milli azlıqların müdafiəsi sisteminin konsolidasiyası naminə ümumi dəyərlər və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi tövhəyə görə təqdim edilib. İqor Dodon Moldova Azərbaycanlıları Konqresinə ünvanladığı “Fəxri diplom”u Vüqar Novruzova təqdim edib.