Prezident İlham Əliyev Qəbələdə bir sıra obyektlərin açılışında iştirak edib
28 fevral 2013 18:58 (UTC +04:00)

Prezident İlham Əliyev Qəbələdə bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun açılışında iştirak edib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyin kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun  fəaliyyətə başlaması həmin  tədbirlərin davamlılığından xəbər verir. Zavonun təsisçisi olan “Aspi Agro” MMC-nin əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.

 


“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “GONTARD FRERES” şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir.

Prezident İlham Əliyev müəssisədə bütün saxlama qaydalarına cavab verən şərab anbarına baxıb. Dövlət başçısı kollektivə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, ölkə başçısı Qəbələyə səfəri çərçivəsində heyvandarlıq-südçülük kompleksinin açılışında da iştirak edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Oxşar yazılar