İlham Əliyev Rusiya prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.
Lent.az-ın məlumatına görə, İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlət başçısına təqdim edib. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib və bu işdə ölkəmizə uğurlar arzulayıb.
Prezident İlham Əliyev Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlət başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.