Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə P. Həşimlinin vəkilinin məhkəmədə əlavə şahidlərin dindirilməsi barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra təqsirləndirilən T. Qurbanov P. Həşimlinin mətbuatda onu və ailəsini təhqir etdiyini deyib. P. Həşimli isə bu iddianın yalan olduğunu bildirib, T. Qurbanovla bağlı yazı yazmadığını söyləyib. Bu zaman T. Qurbanov P. Həşimliyə hücum edərək ona yumruqla vurmaq istəyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.
Proses mayın 5-də davam etdirəcək.
Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.