Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının geniş tərkibli iclasında təhsil sahəsində korrupsiya ilə mübarizə məsələsi geniş müzakirə olunub. İclasda təhsil idarəçiliyinə məsul vəzifəli şəxslər iştirak edib.
APA-nın məlumatına görə, iclasda çıxış edən təhsil naziri Misir Mərdanov ali təhsildə 2010-2011-ci təhsil ilindən tətbiq edilən yeni maliyyələşmə mexanizminin məqsədləri və səmərəsindən danışıb, qeyd edib ki, bu mexanizmin tətbiqi nəticəsində maliyyə vəsaitlərinin ayrılması prosesində şəffaflıq təmin edilib.
Müəllimlərin işə qəbulu məsələsinə toxunan nazir qəbulun şəffaf və obyektiv keçirilməsini bildirib. O, 2012-ci ildə Təhsil Nazirliyinə 7156 şikayət daxil olması, onlardan 1734-nün müsbət həll edilməsi, 1924-ü ilə əlaqədar müvafiq izahat verilməsi, 1247 müraciətlə bağlı aidiyyəti üzrə tabe təşkilatlara tapşırıqlar verilməsi, 2251 müraciətin əsassız olması barədə məlumat verib.
Nazir həyata keçirilən tədbirlər nəticəsində ali təhsil müəssisələrində imtahanlarda əvvəlki illərə nisbətən şəffaflıq və obyektivliyin xeyli artdığını, şikayətlərin sayının isə azaldığını bildirib.