Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə Orxan Kərimov son söz deyib. O, bildirib ki, baş vermiş cinayət hadisəsində əli yoxdur. O. Kərimov məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Proses martın 1-də davam etdiriləcək.
Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib