İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatı əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissə və müəssisələrə baş çəkmələri müntəzəm olaraq davam etdirilir. Bu barədə Lent.az-a Ombudsmandan məlumat verilib.
Bu günlərdə qurumun Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F.Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı V. Heydərov Müdafiə Nazirliyinin Kürdəmir rayonu və Mingəçevir şəhərinin ərazisindəki N saylı hərbi hissələrə, habelə Kürdəmir və Yevlax qarnizonları Hərbi polislərinə plan üzrə baxışlar keçiriblər.
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə və hərbi polislərdə şəxsi heyətlə, gənc əsgərlərlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, onların insan hüquqları ilə bağlı çoxsaylı suallarını cavablandırıblar. Eyni zamanda hərbi qulluqçuların insan hüquqlarının müdafiəsi vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunub və bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Silahlı Qüvvələrdə son zamanlar aparılan islahatlar hərbi qulluqçuların hüquqlarının müdafiəsinin, orduda ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, eyni zamanda vətənə sədaqət və vətənpərvərlik mühitinin gücləndirilməsində müsbət rol oynayır.
Həmin hərbi hissələrdə və müvafiq hərbi polislərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək bacarığının, qidalanmanın, sağlamlığın qorunması vəziyyətinin və məişət şəraitinin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib.
Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçu tərəfindən şifahi müraciətlər dinlənilmiş, yazılı ərizələr qəbul edilmiş, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.
Baxışlarda Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə idarəsinin Mənəvi-psixoloji şöbəsinin əməkdaşı Əfqan Əliyev iştirak edib.
Baxışların nəticələri ilə bağlı Müdafiə Nazirliyinə məktubla müraciət olunub.