Son 24 ildə “yol terroru”nda 23 mindən artıq insan ölüb, 75 min nəfərə yaxın isə xəsarət alıb
Azərbaycanda ötən il baş verən yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ötən il respublikanın avtomobil yollarında 2882 yol qəzası baş verib. Nəticədə 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ötən illərdə açıqladığı statistikalara istinad edərkən məlum olur ki, 1988-ci ildən 2013-cü ilədək Azərbaycanın avtomobil yollarında 67 min 23 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 405 nəfər ölüb, 74 min 950 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Statistikaya görə, ötən 24 ildə ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.
Müqayisə üçün qeyd edək ki, I Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min, ümumilikdə isə ölkəmiz 30 minə yaxın itki verib.