“Facebook”da üç azərbaycanlı gəncin aeroport şosesində avtomobil ötüşdürmə yarışına çıxmasını əks etdirən görüntülər yayılıb. Lent.az-ın day.az-a istinadən verdiyi məlumata görə, videodan aydın görünür ki, sürət bəhsinə girənlərin maşınları idman avtomobilləri seriyasından olan “Nissan GTR R35 AMS700 ALPHA”, “Corvette Z06 Tuned” və “Cadilac CTS-V Hennessey”dir. Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da Azərbaycan qanunvericiliyi ilə kobud qayda pozuntusudur.
Məsələyə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov münasibət bildirib. O deyib ki, bu videonu görməyib: “Ancaq deyə bilərəm ki, aeroport şosesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək”.
Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb: “Yollarda hətta radarların olduğu barədə nişan da quraşdırılıb. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.