Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı çərçivəsində Oğuz rayonunda xeyli sayda silah-sursat tapılıb.
Oğuz rayonu hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, “sərhəd-sipər” əməliyyatı ilə əlaqədar rayon ərazisində iki yerdə post qurulub, tədbirin ilk günü xeyli sayda silah-sursat aşkarlanıb.
Keçirilmiş əməliyyat tədbiri zamanı 1 ədəd “Karabin” yivli tüfəngi, 2 ədəd F-1 əl qumbarası, 210 ədəd 5,45 və 110 yüz on ədəd 7,62 çaplı Kalaşnikov avtomat silahının gülləsi və 2 ədəd “Kalaşnikov” avtomat silahının sandıqçası aşkarlanaraq götürülüb.
O cümlədən gün ərzində 44 avtomobil aidiyyəti üzrə yoxlanılıb, onlardan 9 avtomobilin sürücüsünə yol qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılıb. 128 sakinin şəxsiyyət vəsiqəsi yoxlanılıb. Götürülmüş silah-sursat hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyini silah anbarına göndəriləcək.
Qeyd edək ki, “Sərhəd-sipər” əməliyyatında Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. Əməliyyatın mayın 27-nə kimi davam edəcəyi bildirilir.