Bu gün Nida Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə iclası keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərdən Zaur Qurbanlıya ifadə vermək təklif edilib. Z.Qurbanlı ona elan edilən ittihamların mahiyyəti ilə tanış olmadığı üçün məhkəmənin indiki mərhələsində ifadə verməkdən imtina edib. Daha sonra Z.Qurbanlının ibtidai istintaqa verdiyi ifadə oxunub. Məlum olub ki, Z.Qurbanlı ibtidai istintaqa da ifadə verməkdən imtina edib. Məhkəmənin gedişatı zamanı hakim Cavid Hüseynov özünü pis hiss etdiyini deyərək iclasda fasilə elan edib.
Qısa fasilədən sonra proses davam etdirilib. İclas proses iştirakçılarının Z.Qurbanlıya suallar verməsi ilə davam etdirilib. Z.Qurbanlı dövlət ittihamçısının suallarına cavabında bildirib ki, bu günə qədər heç bir qanunsuz fəaliyyətlə məşğul olmayıb və üzvü olduğu nida vətəndaşı hərəkatı da heç bir qanunsuz fəaliyyət göstərməyib.
Daha sonra Z.Qurbanlı vəkillərinin suallarını da cavablandırıb. Bunun ardınca təqsirləndirilən şəxslərdən İlkin Rüstəmzadəyə ifadə vermək təklif edilib. O da məhkəmənin indiki dövründə ifadə verməkdən imtina edib. Bundan sonra onun keçən ilin mart ayında şahid qismində istintaqa verdiyi ifadələr elan edilib. İlkin Rüstəmzadə bildirib ki, 10 mart aksiyası ilə bağlı sosial şəbəkələrdəki “evant”-i o özü yaradıb və bu barədə heç kimdən təlimat almayıb.
Daha sonra İlkin Rüstəmzadənin təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadə elan edilib. Məlum olub ki, İ.Rüstəmzadə də təqsirləndirilən şəxs qismində istintaqa ifadə verməyib. Bunun ardınca o prokuror və vəkillərin suallarını cavablandırıb.
Bununla da bu işdə təqsirləndirilən şəxslərin ifadələrinin oxunması mərhələsi yekunlaşıb. Növbəti proses yanvarın 15-nə təyin edilib.