"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yollarına məxsus, Minvodıdan Bakıya J 2 718 reysi üzrə uçan təyyarə hava limanında 10 saat ləngiyib. Bunu Lent.az-a həmin təyyarənin sərnişini, mədəniyyət və incəsənət universitetinin sadiq dosenti Elmira Alxasova deyib. Onun sözlərinə görə, Minvodı hava limanında gecikmənin səbəbini Bakıya uçacaq təyyarənin nasaz olduğu ilə izah ediblər: “Biz Moskva saatı ilə 16:30-da təyyarəyə minməli idik. Lakin uçuş gecikirdi. “AZAL”ın Minvodıdakı nümayəndəsi Seyran adlı şəxs əvvəl bizə dedi ki, təyyarə xarabdır, təmir olunur. Gecə saat 01:30-a qədər gözlədik. Ac-susuz qaldıq. Nəhayət, sabah səhər 04:30-da təyyarəyə mindik”.
Bundan əlavə E. Alxasova hava limanında rusların azərbaycanlılara qarşı münasibətindən də danışdı. O bildirdi ki, pasport qeydiyyatından keçən zaman onların Bakıdan olduqlarını biləndə, nəzarətçilər kobudluq ediblər: “Şəkər xəstəsiyəm. Daim su içməliyəm. Bunu onlara nə qədər desəm də, əhəmiyyət vermədən əlimdəki su qabını aldılar. Üstəlik də, çamadanlarımızı töküb yenidən yoxladılar. Ancaq biz azərbaycanlılara qarşı belə etdilər”.
Məsələ ilə bağlı “AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxlayıb təyyarənin gecikmə səbəbini öyrənmək istədik. Sualımızı dinləyən M. Səfərli isə telefonunu qapatdı.