Nəqliyyat Nazirliyinin əməkdaşları ilə taksi sürücü arasında insident yaşanıb.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ətrafında reyd keçirərkən 1983-cü il təvəllüdlü taksi sürücüsü Vüsal İlqar oğlu Həsənovun idarə etdiyi avtomobili saxlayıblar. V. Həsənov taksi xidməti göstərmək üçün lazımi sənədləri olmadığına görə qaçmaq istəyərkən körpüdən yıxılıb.
V. Həsənovun atası isə APA-ya açıqlamasında bildirib ki, oğlu taksi xidməti ilə məşğul olmur: “Vüsal Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sürücü işləyir. Nəqliyyat Nazirliyinin əməkdaşları oğlumun idarə etdiyi avtomobili saxlayaraq, onları Xırdalan aparmağı xahiş edib. Onlar avtomobilə oturandan sonra maşının açarlarını çıxararaq, oğlumu döyüblər. Vüsalın vəziyyəti indi çox pisdir, danışa bilmir”.
V. Həsənovun müalicəsi Klinik Tibbi Mərkəzdə davam etdirilir.
Nəqliyyat Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.