Bu gün saat 11:30 radələrində Bakının Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülüb. Bu barədə döyülən şəxsin qohumu Aydın Cahangirov ANS PRESS-ə şikayət edib. Onun sözlərinə görə, “Mersedes” markalı 10 İR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu İsmayılov maşını Bakı Beynəlxalq Avtovağzalın ərazisində saxlayıb. Maşında sərnişin qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb. Onlar Rasim İsmayılovdan sənədləri tələb ediblər. "Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə, onlar bundan imtina ediblər. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim İsmayılovu möhkəm döyüblər. Hadisə yerinə Bakı şəhər Təcili və Tbbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib".
Stansiyadan ANS PRESS-ə verilən məlumata görə, avtovağzala çağırış əsasında həkim briqadası yollanıb. Təcili yardım həkiminin sözlərinə görə, 30 yaşlı Rasim Nazim oğlu İsmayılova ilkin tibbi yardım göstərib və onu Respublika Xəstəxanasına aparıb.
Xəstəxananın həkimi Elşad Musayevin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir və həyatı üçün təhlükə yoxdur. Lakin xəstə təcili əməliyyat olunmalıdır.
“Xəstənin sol gözünün qapaqları qansızma ilə şişib. Sol almacıq sümüyü yerini dəyişib və üz sümükləri sınıb. Həmçinin xəstənin burnunda sınaqlar olub. Xəstənin gözündə hansısa problemlərin yaranıb-yaranmamasını müəyyən etmək üçün isə göz həkiminə də göstəriləcək. Hazırda xəstənin sınmış və yerini dəyişmiş almacıq sümüyünün yerinə qoyulması üçün əməliyyat olunacaq”.
Hadisənin baş vermə səbəblərini araşdıran Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin müstəntiqi Aftandil Bayramovun verdiyi məlumata görə, Rasim İsmayılovun kimlər tərəfindən döyülməsi araşdırılacaq.
“Rasim İsmayılovun verdiyi ifadəyə görə onu Nəqliyyat Nazirliyinin 5 nəfər əməkdaşı döyüb. Hadisə avtovağzal ərazisində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyi ilə əlaqə saxlaya bilmədik.