Kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Respublikasında rəsmi səfəri çərçivəsində Burqundiya regionunun Yon bölgəsinə səfər edərək regionun Ali Şurasının prezidenti Andre Vilye ilə görüş keçirib.
Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Azərbaycan və Fransanın Yon bölgəsi arasında dostluq və kənd təsərrüfatı sahəsində yaranmış əməkdaşlıq əlaqələri, o cümlədən A. Vilyenin 2011 və 2012-ci illərdə Azərbaycana səfərləri zamanı aparılmış danışıqların nəticələri müzakirə edilib. Daha sonra nazir İ.Abasov A.Vilye ilə birlikdə Fransanın “Holşteyn” və “Şarole” damazlıq heyvan cinslərinə baxış keçirib.
Eyni zamanda, nazir Fransanın Burqundiya regionunun Yon bölgəsinin Şabli şəhərinə səfər edərək, Yon bölgəsinin Ali Şurasının birinci vitse-prezidenti və Şabli şəhərinin meri Patrik Qenro ilə görüş keçirib, üzüm və şərab istehsalı sahəsində ixtisaslaşan və Göygöl şəhəri ilə əməkdaşlıq haqqında protokol imzalamış bu şəhərlə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşdən sonra İ.Abasov cənab Patrik Qenro ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında jurnalistlərin suallarına cavablandıran nazir bu səfərin konkret nəticələrə yönəldiyini, Burqundiya regionundan “Şarole” və “Holşteyn” damazlıq cinsindən olan heyvanların Azərbaycana idxalına dair ilkin razılığın əldə edildiyini və bu heyvanların idxalının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcəyini bildirib.