Narkotik qaçaqmalçılığında təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
15 sentyabr 2016 14:07 (UTC +04:00)

Narkotik qaçaqmalçılığında təqsirləndirilən dəstənin məhkəməsi başlayıb

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində və  dövlət sərhəddini qanunsuz keçmədə təqsirləndirilən Gürcüstan vətəndaşları  Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov, Azərbaycan vətəndaşı Hüseyn Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb.

 

Prokuror ittiham aktını elan edib.

 

Təqsirləndirilənlərdən Müşfiq Piriyev və Arçil Darsalia özlərini yalnız dövlət sərhəddini qanunsuz keçmədə təqsirli bildiklərini, onlara verilən narkotik ittihamını isə qəbul etmədiklərini bildiriblər. Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli bilməyib.

 

Təqsirləndirilən Müşfiq Piriyev  məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində narkotik vasitədən istifadə etmədiyini, lakin dövlət sərhəddini Qazax rayonu ərazisindən qanunsuz olaraq keçdiyini bildirib: "Sadaxlıdan gizli yolla Böyükkəsiyə keçdim. Ordan da avtobusa minib Bakıya gəldim. Namaz qılıram, Bakıda fəhləlik edirdim. Əhmədlidə çayxanlarda olurdum. Elə Hüseyni də, bu gürcüləri də orda tanımışam.  Zakir uşaqlıq dosum idi. Bakıya gəlmişdi. Qalmağa yeri olmadığından bizə gətirmişdim. Arçil Darsalia və Lekso Mosidze ilə iki gün əvvəl Əhmədlidə kafedə tanış olmuşdum. Gürcüstanlı olduqlarını biləndən sonra söhbət etdik. Qalmağa yerləri yox idi deyə bizə gətirdik. Hüseyni isə 2 ay olardı tanıyırdım. O, mənə fəhləlik işi tapmaqda kömək edirdi. İş olanda çağırırdı, gedirdim. Hadisə olan günü Zakirlə evdən çıxıb namaza gedirdik. Elə binanın qarşısında  mülki geyimli şəxslər bizi tutdu. Döyərək maşına mindirdilər. Nə olduğunu başa düşmədik.

 

Mən ziyalı ailədənəm. Anamın 70 yaşı var, professordur. Atam da 30 il məktəb direktoru olub. Narkotik maddə ilə tutulduğumu eşidəndən sonra qohumlarım məndən üz döndərib. Heç kim telefon zəngimə cavab vermir. Anamın vəziyyəti ağırlaşıb. Mənim 43 yaşım var. Himayəmdə 4 övladım var. Biri fiziki qüsurludur. 20 gündür aclıq edirəm. Burda haqqımı axtarıram. Öləcəm, amma haqqımı istəyirəm.  Mənim üçün narkotik maddədə təqsirləndirilmək ölümə bərabərdir".

 

M.Piriyev Gürcüstanda 7 il məhkumluq həyatı yaşadığını bildirib: "2007-ci ildə haqsız yerə adam ölümündə günahlandırıldım. Amnistiya ilə azadlığa çıxdım. Azərbaycana gəlib xarici ölkə səfirliyinə getmək istəyirdim ki, sığınacaq alam".

 

M.Piriyev sərhədi qanunsuz keçdiyi üçün özünü təqsirli bilib.

 

Digər təqsirləndirilən Zakir Bayramov isə çıxışında Gürcüstandan Bakıya qardaşı oğlunun dalınca gəldiyini deyib: "Anam narahat idi. Qardaşım 2009-cu ildə ölüb. Onu görmək istəyirdi. Qardaşımın ailəsi vəhabiydi. Anam ona görə uşağı geri qaytarmaq istəyirdi. Bakıya gəldim. Burada Müşfiqə zəng elədim. Bəzi yerləri tanımırdım Müşfiq mənlə gedirdi. 2 gün idi onlarda qalırdım. Səhər evdən çıxanda  bizi tutdular. Mənim heç nədən xəbərim olmadı. Anama zəng eləmək istədim. Elə bu vaxt bizi tutdular. Mən nə dövlət sərhədini qanunsuz pozmuşam, nə də narkotik maddədən istifadə etmişəm. Digər şəxsləri də hadisədən 2 gün əvvəl kafedə görmüşəm. Həbs ediləndən sonra xərçəng xəstəliyinə tutuldum. İndi müalicə belə ala bilmirəm”.

 

 

Hüseyn Ramazanov isə ifadəsində bildirib ki, yalnız Müşfiqi tanıyır: "Hadisədən əvvəl Gəncədə nişanım oldu. Bakıya qayıdanda Müşfiq dedi ki, bunu qeyd edək. Kafedə yeyib-içdik.  Sərxoş oldum. Ona görə evə getmədim.  Müşfiqin evində qaldım. Səhər Müşfiq evdən çıxandan sonra gördüm ki, həyətdən səs gəlir. Pəncərədən baxanda onların maşına mindirildiyini gördüm. Bu zaman bir nəfər pəncərəyə baxdı və məni gördü. Yanındakılara nəsə dedi. Bloka çıxdılar.  Binanın damına çıxdım. Evdə olan Arçil və Lekso da arxamca gəldi. Bizi də damda tutdular”.

 

Əvvəllər hərbi xidmətdə törətdiyi cinayətə görə məhkumluq həyatı yaşamış Hüseyn Ramazanov narkotik maddədən heç zaman istifadə etmədiyini bildirib: “Bizə birinci oğurluq ittihamı verdilər, sonra terrorçu elədilər, axırda narkotik maddə alverçisi qoydular adımızı”.

 

Təqsirləndirilən Gürcüstan vətəndaşları da qısa ifadə verərək bildiriblər ki, onlar narkotik vasitədən istifadə eləməyiblər.

 

Məhkəmənin proses sentyabrın 22-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər saxlanılan zaman Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirli bilinib. Bununla bağlı DİN məlumat yayıb. Sonrandan onlara verilən ittiham dəyişdirilib. Onlara Cinayətr Məcəlləsinin 234.4.1, 234.4.3 maddələri ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar