Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” adlı təşkilatın üzvü olan və Lənkəranda tutulan Elman Ağayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı verdiyi şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, keçən il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırov başda olmaqla cinayətkar dəstənin onlarla üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Onu da qeyd edək ki, E.Ağayev Nardaran hadisələri ilə bağlı Lənkəran şəhərində həbs edilib.