Bu gün Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bu il qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açaraq müdavimləri salamlayıb, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səslənib.
Tədbirə yekun vuran polis general-mayoru Nazim Əliyev çıxışında əminliklə qeyd edib ki, bu gün həyatlarının ən xoşbəxt günlərindən birini yaşayan Polis Akademiyası müdavimlərinin bu müqəddəs yerdə and içmələri onların yaddaşına əbədi həkk olunacaq. Akademiyanın rəisi Polis andını qəbul etmiş müdavimlərə dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyə edib.
Andiçmə mərasimini təntənəli keçidlə başa çatdırdıqdan sonra müdavimlər Dövlət Bayrağı Meydanının Muzeyi ilə də tanış olublar.