“Əsgər Ceyhun Qubadovun ölümü təkcə onun ailəsinin dərdi yox, eyni zamanda ordumuz üçün də ağır itkidir. Ürəyinə daş bağlayan adam yalnız bu bədbəxt hadisəni duya və üzüntünü qəlbində yaşada bilməz. Ona görə də bir əsgər olaraq Ceyhunun itkisinə həssaslıqla yanaşan bütün səmimi insanların daxili narahatlığını yaxından görür və hiss edirik”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu əsgər Ceyhun Qubadovun ölümü və bu ətrafda dolaşan məlumatlarla bağlı APA-nın sorğusuna cavab olaraq deyib.
Ölümlə bağlı Müdafiə Nazirliyi rəhbərliyinin ciddi ölçülər götürməsindən cəmiyyətin xəbərdar olduğunu qeyd edən E. Sabiroğlu Respublika Hərbi Prokurorluğunda araşdırma getdiyinə görə hadisə üzərində çox dayanmaq istəmədiyini vurğulayıb: “Ancaq böyük inamla bildirmək istərdik ki, aparılan obyektiv istintaq hər şeyə aydınlıq gətirəcək və ölüm işində təqsiri müəyyənləşdirilənlərin hamısı məsuliyyətə cəlb olunacaq.
Hazırda informasiya məkanı demək olar ki, yenə də öz yanaşmalarını ortaya qoymaqda davam edir. Buna heç pis də baxmırıq. Ancaq indi deyəcəklərim bütün mülahizələrə şamil edilməsə də, bəzilərinə aiddir. Bir çox sifarişli yazıların və hərəkətlərin arxasında maraqlı tərəflərin olduğu açıq-aşkar gözə girir. Təki səhv edək. Amma bunu görməmək sadəcə mümkün deyil. Sifarişçilərin hərəkətlərindən o da görsənir ki, onlar orduda «raskol» yaranmasında deyəsən, çox həvəslidirlər. Lakin bir gerçək amili unudurlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin başında qətiyyətli və uzaqgörən bir dövlət rəhbərinin – Ali Baş Komandanımız, möhtərəm prezident İlham Əliyevin dayandığı bir zamanda bu cür riyakar məqsədlərin həyata keçmə əmsalı sıfra bərabərdir”.