Baş leytenanta 4 ay həbs cəzası verildi- YENİLƏNİB
24 avqust 2015 12:44 (UTC +04:00)

Baş leytenanta 4 ay həbs cəzası verildi- YENİLƏNİB

0

Mingəçevir şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya açıqlamasında bildirib ki, Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, DİN-in məlumatına əsasən avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb:

 

"Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibb eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınıb. İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.

 

 

*****

 

21:49

 

 

“Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə də 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”. Bunu Meydan TV-nin müxbirləri ilə söhbətində Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov deyib.

 

Avqustun 23-də Mingəçevir şəhərində çəkiliş aparan Meydan TV-nin əməkdaşları şöbəyə dəvət olunublar. Onların suallarını baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov cavablandırıblar.

 

Rəis bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb: “7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırla saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.

 

Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib: “Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.

 

Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov bildirib ki, videogörüntülərlə aksiyanın keçirilməsinə çağırış edən şəxslər müəyyənləşdirilir. O, videogörüntülərə düşmüş 3 nəfərin bölməyə gətirildiyini təsdiqləyib: “Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Prokurorluğun müstəntiqi isə morqda meyiti müayinə edərkən döyülüb. Faktla bağlı araşdırma başlanıb. Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar