Martın 15-də Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın “Kanal S”ə istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərinin Heydər Əliyev prospekti ilə Xaldan şosesinin kəsişməsində Bayraq meydanında şəhər avtovağzalının yaxınlığında Mingəçevir şəhəri sakini 1954-cü il təvəllüdlü Aydın İsmayıl oğlu İbrahimov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə "Şərq giriş qapısı"ndan yüksək sürətlə şəhərə doğru hərəkət edən zaman idarəetməni itirib. Minik avtomobili əks istiqamətdə hərəkət edən Yevlax rayonu sakini 1973-cü il təvəllüdlü İbrahim Tahir oğlu Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişansız "M" markalı yedəkli motosikleti vurub. Hadisə nəticəsində motosikletin sürücüsü İbrahim Məmmədov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. “VAZ 2107” markalı avtomobilin sürücüsü Aydın İbrahimov isə xəsarətlərlə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində zərbədən motosiklet bir neçə yerə parçalanıb, “VAZ 2107” markalı avtomobilin
qabaq hissəsi isə tamamilə yararsız hala düşüb.