Bacısının intiharından şok yaşayan Mətanət Əsədova bu gün Nanə Ağamaliyevanın “Gün Keçir” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, müğənni proqramda bacısının intiharından söz açaraq onun dərdinə şərik olanlardan danışıb: “Mənə görə üzülüb bu gün bu proqrama gələn sənət dostlarıma sonsuz təşəkkürümü bildirirəm. Bacım məni dərdli qoyub getdi. Kaş elə bir şey olaydı ki, bu səhnədən gedəydim, ancaq getməyəcəm, bu sənət mənə nəsə vermədi”.
Müğənni daha sonra bacısının ölümdən öncə ona yazdığı məktubu oxuyub: “Məktubda yazılanları əzbər bilirəm. Çünki o, dedi ki, sənin başını aşağı etməmək üçün canıma qıydım. Deməsinlər ki, Mətanətin bacısı həbs olunub ”.
Xatırladaq ki, bacısının ölümündən 18 gün sonra M. Əsədova canlı efirdə mahnı oxuyub.
Qeyd edək ki, M. Əsədovanın bacısı Nurlana Əsədova oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında özünü asıb. Narkotik aludəçisi olan N. Əsədovanı sentyabrın 29-da Abşeron rayon Polis Şöbəsinin əməkdaşları həbs ediblər. O, 43 yaşlı əri Məhəmmədli Muradovla Xırdalan şəhəri ərazisindəki aptekə basqın edib. N. Əsədova dərman almaq adı ilə aptekə girərək orada işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib, kassadakı 950 manatı talayıb. Onların hərəkəti kameraya düşüb.