“Türküstan” qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən “Türk dünyasına xidmət - 2012” rəy sorğusunun nəticələri açıqlanıb.
APA-nın xəbərinə görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, sorğu 3 kateqoriya - mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də istənilib.
Sorğu internet saytlarında, eyni zamanda anketlə, bir sıra qurumların iştirakı ilə, həmçinin elektron poçt vasitəsilə aparılıb, həmçinin sosial şəbəkələrdə sorğu ilə bağlı davamlı çağırışlar olub. Yerli və xarici televiziyalarda, qəzet və saytlarda sorğu ilə bağlı xəbərlər, reportajlar, müsahibələr, ayrıca televiziya verilişləri olub.
Sorğuya ümumilikdə 37 525 respondent qatılıb. Sorğuda 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistlər də var. Lakin münsiflər heyəti sorğuda daha çox səs alan və böyük fərqlə önə çıxan şəxs və qurumlardan hər nominasiya üzrə 2 qalibin elan olunmasını qərara alıb.
Sorğunun birinci nominasiyası - Türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva “Türk mədəniyyətinin hamisi” adına layiq görülüb. “Türk mədəniyyətinin hamisi” nominasiya üzrə daha çox səs olan digər qalib isə TÜRKSOY təşkilatı olub.
“Türk gəncliyinin təhsilində və formalaşmasında xidmətlərinə görə kimi türk gəncliyinin dostu sayırsınız?” nominasiyası üzrə ən çox səs bu yaxınlarda həyatdan köçmüş Türk Dünyası Araşdırmalar Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazqana verilib. “Türk dünyasının dostu” nominasiyası üzrə daha çox səs alan digər qalib isə Çağ Öyrətim İşlətmələri Şirkətidir.
“Türk dövlətləri və xalqları coğrafiyasından kimi ilin siyasətçisi sayırsınız?” sorğusu üzrə ən çox səs Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana verilib. İlin siyasətçisi nominasiyası üzrə daha çox səs alan digər qalib isə Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva olub.