Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədovanın vəkillərinin yanında oturması və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilməsi barədə vəsatətlər verib. Birinci vəsatət təmin olunmayıb, digəri isə baxılmamış saxlanılıb.
Daha sonra prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Gülər Əhmədova isə ittiham üzrə özünü təqsirli bilmədiyini və onunla razı olmadığını deyib.
Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hümbət Vəliyev prosesdə ifadə verib. Ekspert deyib ki, onlara təqdim olunan disk əsl deyil, köçürülmüş nüsxə olub. Onun sözlərinə görə, diskdə 13-cü dəqiqədə kadr itib, 10 saniyə müddətində nə danışıldığı aydın deyil. Bütün fonoqram boyu danışıqla səs cığırı üst-üstə düşüb, 87 dəqiqə boyunca isə artikulyasiya pozulmayıb.
Ekspert deyib ki, Elşad Abdullayev, Gülər Əhmədova və Sevinc Babayevanın səs nümunələri istintaq orqanının təqdim etdiyi nümunələr əsasında araşdırılıb. H. Vəliyev Gülər Əhmədovanın və Sevinc Babayevanın eksperimental səs nümunələrinin də onlarda olduğunu açıqlayıb.
Gülər Əhmədovanın vəkilləri isə S. Babayevanın səs nümunəsinin istintaqdan alınması barədə vəsatət qaldırıblar.
Daha sonra Gülər Əhmədova deyib ki, ekspert nəyin əsasında ekspertiza apardığından xəbərsizdir: “Ona sula vermək artıqdır. Elə bilin ki, bir nəfər küftə-bozbaş bişirib, soruşursan ki, içində nə var, bilmir. Ya ekspertiza saxtadır, ona qol çəkdiriblər, ya da istintaq saxtakarlıq edib. Mən ekspertiza ilə bağlı fikirlərimi demişəm. Amma xoruzun quyruğu burada göründü”.
Hümbət Vəliyev isə deyib ki, təqdim olunana diskdə hər hansı qüsur olmayıb, disk istifadəyə yararlı olub.
Gülər Əhmədova ekspertiza rəyində diskin keyfiyyətinin orta aşağı olduğunun qeyd edildiyini bildirib: “Orada qeyd olunub ki, artikulyasiyanı görmək mümkün deyil”.
Ekspert ona təklif edib, diskə zalda bir yerdə baxsalar, artikulyasiyanın göründüyünü görmək olar.
Daha sonra Gülər Əhmədova səhhətində problem yarandığını deyib və məhkəmədən beş dəqiqəlik vaxt istəyib.
Gülər Əhmədova məhkəmə zalından çıxarılıb.
Bir qədər sonra isə prosesin aprelin 28-dək təxirə salındığı açıqlanıb.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından alınaraq, hakim Əflatun Qasımovun icraatına verilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.