Mehdiabad qəsəbəsində baş vermiş dəhşətli faciənin təfərrüatı məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın baş verən evin sahibləri buaraya iki ay öncə köçübmüş. Həyətdə ikimərtəbəli ev tikdirən ev sahibi bu evin tikintisi hələ başa çatmadığı üçün bura bitişik kiçik yarımtikilidə yaşayırmış. Yanğın baş verən zaman isə evdə iki uşaq və onların anası olub.
Ananın səsinə köməyə gələn qonşular evin pəncərəsini sındırıblar ki, evə hava girsin. Lakin evə girib uşaqları oradan çıxarmaq mümkün olmayıb. Uşaqları evdən FHN-in hadisə yerinə gələn yanğınsöndürənləri çıxarıb. Uşaqlar huşsuz halda evdə çarpayının altından çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Qonşular öz maşınları ilə onları xəstəxanaya çatdırsa da, təəssüf ki, körpələrin həyatını xilas etmək mümkün olmayıb. Yanğın zamanı evdə olan ananın vəziyyəti isə normaldır.
İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma səbəb olub.
**
Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəhşətli faciə baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib. Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.