Masazır qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar Nazirlər Kabinetinə təkliflər hazırlanacaq. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, hazırda Masazırda şəhid Nazim Əsədov küçəsi, ev 12 ünvanında baş verən sürüşmə sahəsinin eni 130-140 metrə, uzunu 80-100 metrə qədərdir: “Sürüşmənin qırılma qaşı bir fərdi yaşayış evinin bilavasitə altından keçərək bünövrəyə 60 santimetr daxil olub. Bu fərdi yaşayış evinin balkonunun bir dirəyi sürüşmə nəticəsində uçub. Təzə tikili olduğundan burada yaşayış yoxdur. Həmin ərazidəki Qır gölü ətrafında evlər çoxdur. Amma daha çox təhlükəyə məruz qalan bir evdir. Bu ərazidə sürüşmə 2011-ci ildən başlayıb. O vaxt sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər verilib və müəyyən tədbirlər görülüb. Hazırda sürüşmənin sağ qanadı genişlənib”.
S. Əmiraslanov deyib ki, sürüşmə sahəsində aktivləşmə texnogen suların, kanalizasiya sularının hesabınadır. Hazırda sürüşmə sahəsinin üzərində bu suların təzahürləri görünür. Bu da hər an sürüşmə prosesinin aktivləşməsinə təsir edir: “Burada kanalizasiya şəbəkəsinin olmamamsı, əhalinin pərakəndə şəkildə məişət sularından istifadə etməsi, suları yamaca axıtması yamacın ətəyində, Qır gölünə çatmamış həmin suların yer səthinə bulaqlar şəklində çıxmasına səbəb olur. Bu da mailliyə malik yamacda süxurların hərəkəti ilə nəticələnir. Buradakı süxurlar əsasən məsaməli və boşluqlu süxurlardır. Sürüşmə sahəsində ev tikmək olmaz. Amma artıq bu ərazidə ev tikməyə yer qalmayıb”.