Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinini saxlayıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, fevralın 27-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı şəhər sakini Seyfəddin Hüseynov istifadəsindəki “Land Rover Discovery” markalı avtomobillə Masallı rayonu Mollaoba kəndində olarkən, orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatlı olan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan zaman o, polis əməkdaşının yaxınlaşdığını görüb onların qanuni tələbinə məhəl qoymayaraq avtomobilini hərəkətə gətirib və polis əməkdaşlarının üzərinə sürüb. Masallı RPŞ-nin balansında olan “Chevrolet Niva” markalı avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra Boradigah qəsəbə sakini Natiq Bəşirova məxsus “Mercedes Benz” markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədovun istifadəsində olan “VAZ 2107” markalı avtomobili əzərək onlara maddi ziyan vuraraq oradan uzaqlaşıb.
Seyfəddin Hüseynovun idarə etdiyi avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub. Avtomobilə baxış keçirilərkən salonun müxtəlif yerlərindən külli miqdarda 5 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə şəxsi istehlak miqdarında artıq metamfetamin, bir ədəd “beş barmaq” adlanan soyuq silah aşkar edilərək götürülüb. İstintaqdan yayınan Seyfəddin Hüseynov barəsində axtarış elan edilib və Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib. Seyfəddin Hüseynov barəsində rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 315.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.