Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb.
Lent.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsi istintaq orqanının verdiyi təqdimata əsasən, M.Əhmədovun barəsində seçilmiş ev dustaqlığını bir ay müddətinə uzadıb.
Qeyd edək ki, M.Əhmədov keçən il Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonradan Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
M.Əhmədov barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılır.